Dünya üzrə son illərdə PAOX – un rastgəlmə tezliyi artmaqdadır. 2010-cu ildə bu xəstəlik təxminən 202 milyon nəfərdə qeydə alınmışdısa, 2015-ci ildə bu rəqəm 22% artaraq 237 milyon nəfərə çatmışdır (Song P və həmm., 2015). Maraqlıdır ki, PAOX aşağı və orta gəlirli ölkələrdə (LIMC- Low- and Middle-Income Countries) daha çox rast gəlinir. PAOX ilə bağlı epidemioloji tədqiqatlar əsasən yüksək gəlirli ölkələrdə aparılsa da, “Qlobal Periferik Arteriya Xəstəliyi Tədqiqatı” (Global Peripheral Artery Disease Study) ümumi dünya əhalisi arasında PAOX – un qlobal və regional rastgəlmə tezliyini ilk dəfə sistemli şəkildə müəyyən etmişdir.
Bu araşdırmada diaqnostik vasitə kimi Topuq-Bazu İndeksindən (ABI –“Ankle-Brachial İndex”, yəni topuqda ölçülən sistolik qan təzyiqinin bazudakı sistolik təzyiqə nisbəti) istifadə olunmuşdur. ABI – nin 0,90 və ya daha aşağı olması periferik arteriya xəstəliyinin göstəricisi kimi qəbul edilmişdir.
Tədqiqatın nəticələrinə əsasən, 2010-cu ildə dünyada PAOX – un yayılma tezliyi təxminən 202 milyon nəfər olaraq qiymətləndirilmiş, bu şəxslərin təxminən 70%-nin aşağı və orta gəlirli ölkələrdə yaşadığı müəyyən edilmişdir. Odur ki, bu xəstəliyin zamanında müayinəsi və müalicəsi TƏBİB-in „Qlobal Cərrahiyyə 2030“ proqramının əsas hədəflərindən biridir.
PAOX aşağı ətraf arteriyalarını zədələyən sistemik aterosklerozun bir formasıdır. Əsas patogenetik mexanizmlər lipid yığıntıları, endotel zədələnməsi və saya əzələ hüceyrələrinin proliferasiyası ilə müşayiət olunan xroniki iltihabi damar dəyişiklikləridir. Nəticədə damar divarında lövhələr (plaque) əmələ gəlir, damar mənfəzi daralır və bu, tam obliterasiyaya qədər irəliləyə bilir.
Ən əsas risk faktorları aşağıdakılardır:
- Həddən artıq siqaretçəkmə (bu tənzimlənməsi mümkün olan risk faktoru hesab edilir)
- Arterial hipertenziya
- Şəkərli diabet
- Dislipidemiya (xüsusilə yüksək LDL səviyyəsi)
- 65 yaşdan yuxarı yaş
- Hərəkətsizlik, piylənmə
Bir qayda olaraq bir çox risk faktoru eyni zamanda mövcud olur. PAOX adətən təkbaşına yaranmır, çox vaxt koronar ürək xəstəliyi, serebrovaskulyar xəstəliklər və ya böyrək arteriyasının stenozu ilə yanaşı rast gəlinir (polivaskulyar sindrom).