Divertikulyozun qazanılmış bir patologiya olduğu məlumdur. Lakin onun etiologiyası hələ tam şəkildə aydınlaşmamış, patofiziologiyası isə mürəkkəb və çoxfaktorludur. Qərb cəmiyyətlərinə xarakter qidalanma tərzi divertikulların meydana çıxmasının əsas səbəblərdən biri kimi göstərilir.
Ən geniş qəbul olunan nəzəriyyəyə əsasən, qida rasionunda lif çatışmazlığı və çox miqdarda qırmızı ət istifadəsi nəcis həcminin azalmasına, bu isə bağırsaq möhtəviyyatının irəliləməsi üçün intralüminal təzyiqin artmasına və nəticədə bağırsaq divarında gərginliyin yüksəlməsinə səbəb olur. Yaşlanma ilə əlaqədar olaraq bağırsaq divarında baş verən atrofik-degenerativ dəyişikliklər, kollagen və elastin strukturlarındakı pozuntular onun elastikliyinin və gərilməyə qarşı müqavimətinin azalması ilə nəticələnir.
Bu fonnda intralüminal təzyiqin lokal şəkildə artması bağırsaq divarının təbii zəif nöqtələrindən selikli qişanın kisə şəkilli qabarmasına – herniyasiyasına, yəni divertikulların formalaşmasına səbəb olur.
Bağrsaq divarının bütün qatların movcud olduğu və adətən anadangəlmə olan “həqiqi” divertikullardan fərqli olaraq bu “yalançı” divertikulların (psevdodivertikul, pulsion divertikul) divarı ancaq mucosa və muscularis mucosa – dan ibarət olur.
Divertikulların meydana gəldiyi zəif sahələr adətən taenia coli boyu paralel şəkildə düzülmüş, selikli və selikaltı qişaları qanla təmin edən vasa recta damarlarının bağırsağın əzələ qatını dələrək keçdiyi nahiyələrdir.
Divertikulların ən çox meydana çıxdığı bağırsaq seqmenti ən yüksək intraluminal təzyiqə və ən dar çapa sahip olan siqmoid kolondur. Bəzi xəstələrdə enən çənbər bağırsağı, daha nadirən isə bütün kolonu əhatə edən divertikulyoza rast gəlinir.
Genetik meyillik divertikulyozun yaranmasının mühüm komponentlərindən biri hesab edilir. Qərb əhalisi ilə müqayisədə Asiya ölkələrinin əhalisində divertikulyozun əsasən yoğun bağırsağın sağ yarısında inkişaf etməsi bu bölgə insanlarının spesifik genetik xüsusiyyətləri ilə əlaqələndirilir.
Aparılmış tədqiqatlar göstərmişdir ki, bu regionlardan Qərb ölkələrinə miqrasiya etmiş şəxslərdə, qərb həyat tərzini mənimsəmələrinə baxmayaraq, divertikulyozun sağ tərəfli forması üstünlük təşkil edir. Bu müşahidə divertikulyozun yaranmasında genetik determinasiya amilinin mühüm rol oynadığını bir daha təsdiqləyir.
Bundan əlavə, birləşdirici toxumanın irsi pozğunluqları olan şəxslərdə, habelə divertikulyoz diaqnozu qoyulmuş şəxlərin qohumlarında, xüsusilə monoziqot əkizlərdə bu patologiyanın daha tez-tez rast gəlinməsi genetik amilin rolunu təsdiqləyən əlavə sübutlardır.
Son illərdə aparılmış tədqiqatlar göstərir ki, bağırsaq mikrobiomunda antiinflamatuar bakteriyaların azalması və proinflamatuar bakteriyaların artması ilə müşayiət olunan dəyişikliklər də divertikulyozun etiopatogenezində əhəmiyyətli rol oynaya bilər.
Divertikulda iltihabi-infeksiyon prosesin inkişaf etməsi divertikulit adlanır. Divertikulitin patogenezi divertikulun ağzının tıxanması nəticəsində yaranan durğunluğun bakterial artıma, iltihaba, divertikul daxilində təzyiqin yüksəlməsinə, son olaraq isə işemiya və mikroperforasiyaya səbəb olması ilə izah olunur.
Divertikulun perforasiyası (mikroskopik və ya makroskopik) nəticəsində yaranan kontaminasiya öz növbəsində peridivertikulyar və perikolik infeksiyaya, iltihablanmaya səbəb olur. Ağırlaşmış divertikulitli xəstələr abses, fistula, obstruksiya və ya sərbəst perforasiya (peritonit) olması ilə xarakterizə olunur.
Kolo-vezikal, kolo-vaginal və kolo-enterik fistulalar ağırlaşmış divertikulitin uzunmüddətli fəsadlarıdır.
Siqaret çəkmə, piylənmə, hiperlipidemiya, qidalanmada qırmızı ətdən çox istifadə edilməsi və passiv həyat tərzi kimi amillər divertikulitin inkişafı üçün əsas risk faktorları hesab edilir.
Həmçinin, müntəzəm qəbul edilən qeyri-steroid iltihab əleyhinə dərmanların (QSİƏD) və aspirinin divertikulit və divertikulyar qanaxma riskini, kortikosteroidlərdən, eləcə də opiat analgeziklərdən istifadənin isə perforasiya riskini artırdığı bildirilir.