Əlamətlər − perikolonun iltihabı və inkişaf etmiş ağırlaşmaların xüsusiyyətləri ilə əlaqədar olur. Xəstələr, adətən, sol aşağı kvadrantda, iltihablaşmış sigmoid bağırsağın proyeksiyasında lokalizasiya olunmuş, kəskin və ya yarımkəskin xarakterli, davamlı qarın ağrısından şikayət edirlər. Divertikulun yerləşdiyi bağırsaq seqmentindən asılı olaraq ağrının lokalizasiyası dəyişə bilər. Bəzi hallarda ağrılar əvvəlcə nisbətən yüngül və tutmaşəkilli olub, zamanla intensivləşə bilər. Əlavə olaraq, qızdırma, bağırsaq fəaliyyətində dəyişikliklər (qəbizlik və ya ishal), qarında köp, iştahsızlıq, ürəkbulanma (qusma olmadan) və sidik ifrazı ilə bağlı pozğunluqlar (məsələn, sidik kisəsinin ikincili iltihabı zamanı) tez-tez müşahidə olunur. Fekaluriya və pnevmaturiyanın olması isə kolo-vezikal fistulanın mövcudluğu barədə düşündürməlidir.
Tarixcə – ağrıların necə başlaması, xarakteri, dinamikası və defekasiya aktı ilə əlaqəsi dəqiqləşdirilməlidir. Həmçinin, indiyə qədər keçmiş olduğu müayinələrdə yoğun bağırsaqda divertikulyoz aşkarlanması, yaxud daha əvvəl divertikulit keçirib keçirməməsi, QSİƏD və ya steroid qəbul edib etməməsi, şəkərli diabet və immunosupressiya vəziyyəti kimi yanaşı xəstəliklərin mövcudluğu aydınlaşdırılmalıdır.
Fiziki müayinələr – inspeksiya zamanı qarında adətən orta dərəcədə olan şişkinlik, köpmə müşahidə edilə bilər. Palpasiyada qarında, iltihabın meydana gəldiyi nahiyyədə (əksərən sol aşağı kvadrantda) lokal olaraq təyin edilən ağrı və həssaslıq divertikulitin ən spesifik əlamətidir. Müayinə zamanı həmçinin, ağrılı və həssas kütlə əllənməsi, auskultasiyada bağırsaq səslərinin olmaması və fistul əmələ gəlməsi ilə əlaqəli əlamətlər aşkar oluna bilər.
Diffuz peritonitin inkişaf etməsindən asılı olaraq xəstələrdə peritonun qıqıqlanma əlaməti və əzələ gərginliyi təyin edilə bilir. Aşağı lokalizasiyalı çanaq absesi olan xəstələrdə rektal müayinə zamanı ağrı və kütlə müəyyən oluna bilər. Xəstələrin çoxunda təyin edilən hərarət (adətən <39°C) yüksəkliyi bəzi xəstələrdə olmaya da bilir. Taxikardiya və hipotenziya müşahidə edilən xəstələrdə ağırlaşmış forma kəskin divertikulitdən şübhələnməlidir.
Laborator analizlər − QÜA – da leykositoz (xəstələrin yarısından çoxunda), leykoformulanın sola meyilliyi (>75%) müaşahidə edilir; CRP iltihabın başlamasından 7-8 saat sonra yüksəlməyə başayır, 48 saatda pik həddə çatır.
Divertikulit diaqnozu üçün CRP > 50 mq/l, ağırlaşmış divertikulit üçün CRP > 150-170 mq/l-nin “cut off” dəyərləri olduğu bildirilir; elektrolitlər və renal funksiya göstəricilərini də əhatə edən rmetobolik panel; sidik analizi (sidik yolları infeksiyasını istisna etmək üçün; yüksək eritrosit və leykosit sayı kolo-vezikal fistula şübhəsi yaradır); Reproduktiv yaşda olan, hamilə olduğunu istisna edə bilməyən qadınlarda sidik və ya serum BhCG testi.
