Sol Qalça Çuxurunda Ağrı / Kəskin Divertikulit Şübhəsi Olan Xəstələrdə Müayinə və Müalicə Taktikası

Kəskin divertikulit diaqnozu qoyulmuş xəstələrin müalicə taktikasının seçilməsi xəstəliyin forma və ağırlıq dərəcəsindən asılı olduğu üçün klinik təcrübədə yol göstəricisi olaraq istifadə ediləcək bir çox təsnifat sistemləri təklif olunmuşdur. Bu məqsədlə ən çox istifadə olunan sistemlərdən biri modifikasiya edilmiş Hinchey təsnifatıdır. Bu təsnifata görə 0 – 1a dərəcəli xəstəlik ağırlaşmamış, 1b – 4 dərəcəli xəstəlik isə ağırlaşmış forma kəskin divertikulitə uyğun gəlir.

* KT müayinəsinin peritonitin xarakterinə görə xəstəliyin 3-cü dərəcəsi ilə 4-cü dərəcəsini ayırd etmək imkanı məhduddur və belə hallarda dəqiq diaqnoz adətən əməliyyat zamanı qoyulur.

Ümumdünya Təcili Cərrahiyyə Cəmiyyətinin (ÜTCC) İşçi Qrupu tərəfindən 2015 – ci ildə kəskin soltərəfli kolon divertikulitinin KT müayinəsinin nəticələrinə əsaslanan, gündəlik təcrübədə həkimlərə rəhbərlik edə biləcək yeni, sadə təsnifat sistemi hazırlanıb nəşr edilmişdir. Bu təsnifata görə kəskin divertikulitlər iki yerə bölünür: ağırlaşmamış və ağırlaşmış. Ağırlaşmamış formaya iltihabi-infeksion prosesin yalnız kolonu əhatə etdiyi, peritona yayılmadığı, ağırlaşmış formaya isə bağırsaqdan kənara çıxaraq yayıldığı hallar aid edilir (cədvəl 8).