PPX – nın qeyri-cərrahi, konservativ müalicəsi yanaşı xəstəlikləri səbəbiylə yüksək cərrahi risk daşıyan, əvvəllər keçirdiyi abdominal əməliyyatlarla bağlı cərrahi müdaxilə zamanı texniki çətinliklərin gözlənildiyi, eyni zamanda həyati göstəriciləri stabil, simptomları minimal və lokal xarakter daşıyan, peritonit əlamətləri müşahidə olunmayan xəstələrdə nəzərdən keçirilə bilər.
Bir sıra tədqiqatların nəticələri göstərmişdir ki, bəzi xəstələrdə perforasiya olunmuş kiçik xoralar spontan şəkildə qapanaraq cərrahi müdaxiləyə ehtiyac olmadan sağala bilirlər. Konservativ müalicə yanaşmasının əsas prinsipi də məhz bu məntiqə əsaslanır.
Ümumdünya Təcili Cərrahlar Cəmiyyətinin rəhbər xarakterli tövsiyələrinə görə PPX olan xəstələrdə qeyri-cərrahi müalicə üsulu rutin olaraq tətbiq edilməməlidir. Bu yanaşma ancaq qapanması per oral kontrast maddəli (suda həll olan) radioloji müayinə ilə təsdiqlənmiş olan seçilmiş xüsusi xəstə qrupları üçün düşünülə bilər. PPX-nın qeyri-cərrahi müalicəsinin zəruri ilkin şərtləri və komponentlərinə aşağıdakılar aid edilir:
– Radioloji olaraq kontrast sızmasının aşkar edilməməsi
– Klinik müayinələrin təkrar edilməsi
– Qan analizlərinin təkrar edilməsi
– Respirator və renal dəstək imkanları
– Monitorinq üçün resursların olması
– Əməliyyata hazır olmaq
Qeyri-cərrahi müalicə üsuluna ağızdan heç bir şey verilməməsi (nil per os), intravenoz hidrotasiya, nazogastral zond ilə dekompressiya, antisekretor və PPİ müalicəsi, intravenoz antibiotik terapiyası və 4-6 həftə sonra endoskopik müayinə ilə təqib edilməsi daxildir.
Konservativ müalicə alınmayan xəstələrdə ağırlaşma və letallıq göstəricisi yüksək olur. Bu müalicə üçün xəstələr cərrahi əməliyyata qədərki hər bir saatlıq gecikmənin postoperasion letallığı artırdığını nəzərə almaqla, çox diqqətli şəkildə seçilməlidir.