Kəskin Qarın: Perforasiya Olunmuş Qastroduodenal Xoraların Müayinə və Müalicə Taktikası

Əlamətlər Qastroduodenal perforasiyanın klinik mənzərəsi adətən epiqastral nahiyədə qəfil başlayan kəskin və şiddətli qarın ağrısı ilə xarakterizə olunur. İlkin mərhələdə (ilk 2 saat ərzində) epiqastrik ağrı, əksər hallarda taxikardiya və ətrafların soyuması ilə müşayiət olunur. Başlanğıcda lokal xarakter daşıyan ağrı qısa müddət ərzində diffuz (yayılmış) xarakter alır.

 

İkinci mərhələdə (2–12 saat ərzində) ağrı müvəqqəti olaraq zəifləyə bilər, lakin hərəkət zamanı ağrının təkrar güclənməsi müşahidə edilir.. Sağ yan kanal boyunca maye möhtəviyyatın axması nəticəsində sağ aşağı kvadrantda ağrı yarana bilər. Əgər tibbi yardım göstərilməzsə və ya perforasiya spontan şəkildə qapanmazsa, qarında köpmə, bədən hərarətinin yüksəlməsi, sistemik iltihabi cavab sindromu (SİRS) və sepsisin klinik əlamətləri meydana çıxır (üçüncü mərhələdə). Xəstələrin təxminən üçdə birində ürəkbulanma, qusma və qəbizlik kimi dispeptik əlamətlər də müşahidə edilə bilər.

 

Tarixcə Perforasiya baş vermiş xəstələr, adətən, dözülməz intensivlikdə olan ağrının dəqiq başlanma vaxtını göstərirlər. İnkişaf edən peritonit səbəbindən, onlar çox zaman xəstəxanaya gətirilərkən nəqliyyat zamanı baş verən ən yüngül hərəkətlərin, titrəmənin  ağrıya səbəb olduğunu bildirirlər. Ətraflı toplanmış anamnez əsasında xəstələrin təxminən üçdə ikisində perforasiyadan əvvəl epiqastral, sağ və ya sol qabırğaaltı nahiyələrdə ağrı, dispeptik əlamətlər müşahidə olunduğu, bəzi hallarda isə xəstənin xora anamnezinin mövcud olduğu müəyyən edilə bilər. Bununla yanaşı, yaşlı şəxslərdə, immunosupressiv vəziyyətdə olanlarda və şüur pozuntusu müşahidə edilən xəstələrdə etibarlı anamnez əldə etmək çətinlik törədə bilər.

 

Fizikal müayinələr İnspeksiya zamanı xəstənin, ağrını azaltmaq məqsədilə hərəkətsiz vəziyyətdə qalmağa çalışdığını, qarının tənəffüs aktında iştirak etmədiyini, xəstəliyin gec mərhələlərində qarında köpmə (distensiya) olmasını müşahidə etmək olur. Anormal həyati vacib əlamətlər, xəstənin ümumi görünüşü, o cümlədən üz ifadəsi, dərinin rəngi və temperaturu, şüur səviyyəsindəki dəyişikliklər pasiyentin kritik vəziyyətdə olduğunu göstərə bilər (!).

 

İlkin mərhələdə auslutasiyada bağırsaq səsləri normal və ya hiperaktiv ola bilər. Lakin 6–12 saatdan sonra, bakterial peritonitin inkişafı fonunda bağırsaq səslərinin zəifləməsi və ya tamamilə eşidilməz olması müəyyən edilə bilər. Palpasiyada xəstələrin əksəriyyətində yayılmış ağrı və həssaslıq, peritonun qıcıqlanma əlaməti, qarın divarının əzələ gərginliyi nəticəsində meydana çıxan sərtlik (“taxta qarın” əlaməti) müəyyən edilir. Perkussiya zamanı qarında yayılmış ağrı və yüksək həssaslıq fonunda, qarın divarı ilə qaraciyər arasında sərbəst hava yığıldıqda qaraciyər kütlüyünün itməsi və timpanik səsin aşkarlanması mümkündür.

 

Qəfil başlayan kəskin qarın ağrısı, taxikardiya və “taxta qarın” adlandırılan qarın divarında sərtlikdən ibarət klassik triada perforativ xora diaqnozuna ciddi şübhə doğurmalıdır.

 

Piylənməsi olan şəxslərdə, immunosupressiya vəziyyətində olanlarda, steroid preparatları qəbul edənlərdə, şüur pozuntusu olan xəstələrdə, yaşlılarda və uşaqlarda klinik mənzərə daha zəif, az ifadəli və qeyri-aydın ola bilər ki, bu da diaqnostik gecikməyə səbəb ola bilər.

 

Laborator analizlər – Laborator müayinələrin nəticələri perforativ xoraların diaqnostikası üçün spesifik deyil. Ancaq bu analizlər iltihabi prosesin intensivliyinin qiymətləndirilməsi, orqan funksiyalarının vəziyyətinin müəyyən edilməsi və baş vermiş patoloji dəyişikliklərin aşkar olunması üçün çox əhəmiyyətlidir.

 

Perforasiyanın ilkin mərhələsində laborator analiz nəticələri normal səviyyədə ola bilər, lakin xəstəliyin gedişatından təxminən on iki saat sonra bu göstəricilərdə dəyişikliklər müşahidə olunur. Qan ümumi analizində (QÜA) leykositoz adətən daha erkən fazada aşkarlanır, C-reaktiv protein (CRP) səviyyəsinin yüksəlməsi isə bir qədər gec baş verir. Pankreatit diaqnozunu istisna etmək üçün lipaza səviyyəsinin ölçülməsi vacibdir.

 

Eyni zamanda, orqan funksiyalarının qiymətləndirilməsi məqsədilə böyrək funksiyasını əks etdirən (kreatinin və BUN), elektrolitlər və qaraciyərin funksional göstəricilərini əhatə edən metabolik panel müayinəsi aparılmalıdır. Arterial qan qazları analizləri (pH, laktat, əsas artıqlığı, oksigen saturasiyası və s.) həyati funksiyaların qiymətləndirilməsində və septik vəziyyətlərdə metabolik disbalansların dərəcəsinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir.

 

Bakterioloji müayinələr üçün qan nümunələri geniş spektrli antibiotiklərin təyinindən əvvəl götürülməlidir.