Kolonun psevdo-obstruksiyasının müalicəsi bağırsağın genişlənmə dərəcəsindən, perforasiya riskindən və xəstənin rmüalicələrə cavab reaksiyasından asılı olaraq bir sıra mərhələli tədbirlərdən ibarətdir. Müalicə variantlarına dəstək terapiyası, farmakoloji terapiya (neostigmin), endoskopik dekompressiya (kolonoskopiya) və cərrahiyyə daxildir.
Qeyri-cərrahi müalicə işemiya və ya perforasiya əlamətləri olmayan, kor bağırsağın diametri 12 sm-dən az olan xəstələrdə başlanır Cərrahiyyə tələb etməyən dəstəkləyici müalicəyə ağızdan qida qəbulunun dayandırılması (NPO), YBKPO – nun meydana çıxmasına səbəb olmuş vəziyyətin aradan qaldırılması və ya korreksiya edilməsi, o cümlədən opiatlar, antixolinergiklər, antiparkinson preparatları, antidepressantlar, neyroleptiklər və antihipertenzivlər kimi dərmanların dayandırılması, elektrolit pozğunluqlarının düzəldilməsi daxildir.
Mədə və düz bağırsağın dekompressiyası üçün nazogastrik və rektal boru yerləşdirilə bilər. Osmotik və stimullaşdırıcı işlədicilərdən qaçınılmalıdır. Hərəkətlilik, qarnı üstə və diz-sinə vəziyyəti qazın çıxmasına kömək edə bilər. Bu cür konservativ müalicə tədbirləri müntəzəm müayinələr və qarın rentgeni ilə vəziyyətə nəzarət edilməklə adətən 48−72 saat ərzində davam etdirilə bilir və 77−96% hallarda effektiv olur.
Konservativ tədbirlərin effekt vermədiyi xəstələrdə farmakoloji terapiyaya başlanılır. Neostiqmin farmakoloji dekompressiya müalicəsinin əsasını təşkil edir. Bu preparatın tətbiqi zamanı ürək ritmi və tənəffüs göstəriciləri daimi monitorinq altında saxlanılmalıdır. Bradikardiya baş verdikdə dərhal müdaxilə etmək üçüm atropin əlçatan olmalıdır.
Neostiqminə qarşı əks-göstərişi (mütləq əks göstərişlərə intestinal və urinar obstruksiya, fərdi həssaslıq, nisbi əks göstərişlərə bradikardiya, astma, böyrək çatışmazlığı, peptik xora xəstəliyi, təzə keçirilmiş miokard infarktı və asidoz aiddir) olan və ya onunla müalicəyə cavab verməyən xəstələrdə kolonoskopik dekompressiya nəzərdən keçirilməlidir.
Digər müalicə üsullarına cavab verməyən, həmçinin sistemik toksiklik, işemiya və ya perforasiya əlamətləri göstərən xəstələrdə cərrahi müdaxilə zəruri olur. Cərrahi yanaşma, yoğun bağırsağın vəziyyəti və xəstənin ümumi klinik durumu nəzərə alınmaqla müəyyən edilir.
Əgər yoğun bağırsağın həyat qabiliyyəti qorunubsa, çekostomiya icra oluna bilər. İşemiya və ya perforasiya əlamətləri olan xəstələrdə isə, bağırsaq əməliyyatları üzrə qəbul edilmiş ümumi cərrahi prinsiplər əsasında uyğun qərar qəbul edilməlidir. Bu hallarda adətən yönləndirici (diversiyon) stoma ilə birgə bağırsaq rezeksiyası tövsiyə olunur.
Kəskin YBK vəziyyətinin idarə olunma sxemi. NPO – “nli per os”; NQ – nazoqastral; * – ağır xəstələrə ilkin müayinə kimi; ** – hamilə qadınlarda və uşaqlarda şüalanma riskindən çəkinmək üçün KT-yə alternativ kimi.