Yoğun bağırsaq keçməməzliyi bağırsaq möhtəviyyatının normal hərəkətinin mexaniki və ya funksional səbəblərdən əngəlləndiyi klinik bir vəziyyətdir. Bağırsaq mənfəzində obstruksiya əvvəlcə maneəni dəf etmək üçün peristaltika və kontraktilliyin artmasına səbəb olur. Patofizioloji olaraq qaz və maye toplanması bağırsağın proksimal hissəsində genişlənmə yaradır və bu da mənfəzdaxili təzyiqin artması ilə nəticələnir. İntraluminal təzyiq sistolik qan təzyiqinə bərabər olduqda, qan axını pozulur və ödem başlayır, ardınca isə mayenin bağırsaq divarına və mənfəzinə transudasiyası müşahidə olunur.
Distensiya artdıqca, intraluminal təzyiq də yüksəlir. Artan təzyiq mukoza qan dövranını pozur, işemiyaya, ödemə və müalicə olunmadıqda nekroza yol açır. Bağırsağın suyu absorbsiyaetmə funksiyası azalır, bu isə mənfəzə maye yığılmasını və sistemik elektrolit balansının pozulmasını dərinləşdirir. Mayenin bu cür transudasiyası və qusma dehidrasiyaya gətirib çıxarır. Mənfəzdaxili təzyiqinin artması bakterial çoxalmaya stimul verir.
Bakterial çoxalma və buna bağlı fermentasiya nəticəsində əmələ gələn qaz bağırsağın daha da genişlənməsinə səbəb olur. Selikli qişanın baryer funksiyasının pozulması nəticəsində meydana çıxan bakterial translokasiya yerli və sistemik iltihabi reaksiyaya, sepsisə və multiorqan çatmamazlığına gətirib çıxara bilir. Proses boyunca yoğun bağırsaq möhtəviyyatının nazik bağırsağa keçməsi və nazik bağırsağın fekalizasiyası bakteremiya və sepsis riskini yüksəldir.
Boğulmuş yırtıqlar və volvulus (burulma) zamanı, müsariqəyə olan təzyiq ilkin olaraq venoz axının pozulmasına, ödemə, iltihaba və nəhayət arterial qan axınının kəsilməsinə səbəb ola bilri ki, bu da işemiya, nekroz və perforasiya ilə nəticələnə bilir. Volvulus – bağırsağın müsariqəsi ətrafında burulması nəticəsində meydana çıxan və obstruktiv YBK -nın tez-tez rast gəlinən səbəbidir.
Siqmoid volvulus Hindistan, Braziliya, Rusiya, Afrika, Şərqi Avropa və Yaxın Şərq ölkələrində (“volvulus qurşağı”) bütün keçməməzliklərin 13-42%-ni, qərb ölkələrində isə 10-15%-ni təşkil edir. “Volvulus qurşağı” ölkələrində sigmoid volvulus adətən yaşı 40 yaşdan yuxarı olan kişilərdə (kişi və qadın nisbəti 4:1) baş verdiyi halda, qərb ölkələrində daha çox yaşı 70-dən yuxarı, şəkərli diabet və neyropsikiyatrik xəstəlikləri olan və anatomik meylliyi olan kişilərdə rast gəlinir. Çekal volvulus isə nisbətən daha cavan (< 60 yaş) qadın xəstələrdə müşahidə edilir.
Bu zaman bağırsaq seqmentinin həm proksimal, həm də distal hissəsinin bağlanması ilə yaranan qapalı ilgək (ing. “closed-loop”) obstruksiyası bağırsağın sürətli genişlənməsinə, işemiya və nekrozuna gətirib çıxara bilir. Distal obstruksiya zamanı ileoçekal qapağın bağlı qaldığı xəstələrdə (75% hallarda baş verir) də möhtəviyyatın nazik bağırsağa keçməsi mümkün olmadığı üçün analoji vəziyyət yaranır.
Nəticədə proksimal hissələrin, xüsusilə çekumun genişlənməsi baş verir ki, bu da həyati təhlükəli çekum perforasiyası riskini (çekum d > 10 -12 sm !) artırır. İleoçekal qapağın açılması halında isə keçməməzliyin gedişi daha az kəskin, perforasiya riski daha az olur. Bu zaman möhtəviyyatın nazik bağırsağa keçməsi qarının tədricən köpməsinə, ürəkbulanma və fekalitiv xarakterli qusmaya gətirib çıxarır, keçməməzlik distal forma nazik bağırsaq keçməməzliyini xatırladır.
Yoğın bağırsağın kəskin psevdo-obstruksiyası (YBKPO), avtonom innervasiyasının – parasimpatik fəaliyyətin pozulması səbəbindən kolonda həddindən artıq simpatik stimulyasiya nəticəsində meydana gələn və mexano-reseptorların birbaşa qıcıqlanması ilə daha da pisləşən hərəkət azalmasının yaratdığı funksional bağırsaq keçməməzliyi halıdır.
Səbəbləri və risk faktorlarına ağır sistemik xəstəliklər, sepsis, metabolik disbalans, yaxın vaxtda keçirilmiş cərrahi əməliyyat və travmalar, narkotiklə əlaqəli proseslər və s. aid edilir. YBKPO zamanı prosesin 6 gündən çox uzandığı və çekum diametrinin >12 sm olduğu xəstələrdə 3−15% hallarda genişlənmiş kor bağırsağın perforasiyası meydana çıxır.
Adinamik (paralitik) ileus keçirilmiş qastrointestinal əməliyyat, opioid istifadəsi, ağır xəstəliklər, nevroloji xəstəliklər və metabolik pozğunluqlarla əlaqələndirilir və həm nazik, həm də yoğun bağırsağın genişlənməsi ilə müşayiət olunur. Toksik megakolon isə infeksion, işemik və iltihabi bağırsaq xəstəliklərinin fəsadı kimi meydana çıxır.