Kəskin Qarın: Kəskin Yoğun Bağirsaq Keçməməzliyi Zamanı Müayinə və Müalicə Taktikası

Kolorektal xərçəng olan xəstələrin 7−29 %-də kəskin YBK meydana çıxır ki, bunun da 75%-dən çoxunda obstruksiya edən şiş dalaq əyiliyindən distal hissədə yerləşir. Bu xəstələrin 12−9 %-də şisin və ya bağırsağın proksimal hissəsinin perforasiyası müşahidə edilir. Şiş mənşəli YBK – nın müalicəsi ilə bağlı qərar çox vaxt şişin anatomik lokalizasiyasından, mərhələsindən, xəstənin vəziyyətindən, cərrahın təcrübəsindən və mövcud resurslardan asılı olaraq dəyişə bilir.

 

İstənilən halda, müalicənin üç əsas prinsipi qalır: (I) dekompressiya və keçməməzliyin ləğvi, (II) onkoloji prinsiplərə uyğun olaraq ilkin rezeksiya və (III) bağırsaq davamlılığının bərpası. İrəli mərhələ xəstəliyi olanlara palliativ müdaxilələr də aparıla bilir.

 

Yoğun bağısağın sol yarısının (köndələn çənbər bağırsağın distalından anusa qədər) şişləri zamanı müalicə taktikası

 

Ekstraperitoneal lokalizasiyalı rectum törəmələri bir qayda olaraq keçməməzliyə səbəb olarkən artıq irəli mərhələyə qədər inkişaf etmiş olur. Belə irəli mərhələ xəstələrdə planlı radikal əməliyyatdan əvvəl neoadyuvant kimya-radioterapiyanın aparılması zəruri olduğu kimi, keçməməzlik zamanı da ilkin mərhələdə yönləndirici “qoşalülə” stoma (transvers kolostomiya ən yaxşı seçim kimi görünür, lakin digər variantlar da nəzərdən keçirilə bilər) çıxarılması ilə bu multimodal terapiyanın aparılmasına şərait yaradılması məsləhət bilinir. Sonrakı mərhələdə definitiv (radikal) − tamamlayıcı cərrahi əməliyyat icra olunur. 

 

Kolonun sol yarısının malign obstruksiyalarına görə təcili müdaxilələr zamanı ən çox icra edilən əməliyyat Hartman əməliyyatıdır. Anastomoz çatmamazlığı baxımından  yüksək riskli xəstələr üçün və təcili şərtlərdə ümumi cərrahlar tərəfindən icra edilən əməliyyatlar zamanı bu ən uyğun seçim hesab edilir. “Qoşalülə” (ing. “loop”) kolostomiya isə yalnız rezeksiya edilə bilməyən şişlərdə, böyük əməliyyat və ya ümumi anesteziya üçün uyğun olmayan ağır xəstələrdə tətbiq edilməlidir.

 

Birincili anastomoz qoyulması ilə bağırsaq rezeksiyası, digər risk faktorları olmadıqda, ağırlaşmamış bədxassəli sol tərəfli kolon obstruksiyası üçün üstünlük verilən variant kimi nəzərdən keçirə bilər. Bu zaman bağırsağın boşaldılması cərrahın təcrübə və tərcihindən asılı olaraq intraoperasion kolon irriqasiyası/lavajı və ya manual dekompressiya ilə aparıla bilər.

 

Kolonun sol yarısının obstruksiyasının proksimal bağırsağın perforasiyasına (çekumun diastazik perforasiyası) səbəb olduğu xəstələrdə şişin rezeksiyası ilə yanaşı perforasiya yeri ilə bağlı problemin da aradan qaldırılması vacibdir. Bunun üçün subtotal kolektomiya edilməsi lazım gəlir. Bu zaman, diareya və intontinans riskini azaltmaq üçün distalda, peritoneal keçidin üstündə yoğun bağırsağın bir hissəsinin saxlanması və terminal ileumun mümkün qədər az hissəsinin rezeksiya edilməsi tövsiyə olunur.

 

▪ Qeyri-stabil xəstələrdə sol tərəfli obstruksiyalar zamanı Hartman əməliyyatı seçim əməliyyat hesab olunur. Çox ağır qeyri-stabil xəstələrdə isə “loop” kolostomiya (tranzverzostomiya daha yaxşı hesab edilir) icra edilməlidir.

 

Kolonun sol yarısının malign obstruksiyaları zamanı, perforasiya əlaməti olmayan, kurabel hesab edilən xəstələrdə planlı radikal cərrahi əməliyyata hazırlıq (körpü) məqsədilə endoskopik stent qoyulması* (mütəxəsis və texniki şərtlərin mövcud olduğu III səviyyə xəstəxanalarda) təcili əməliyyata alternativ ola bilər. Belə hallarda planlı cərrahi əməliyyatın stentləmədən təxminən 2 həftə sonra aparılması məsləhət bilinir. 

 

* Qeyd: ESGE – nin əvvəlki rəhbərliyində bu üsul ancaq təcili cərrahi əməliyyat riskinin yüksək olduğu (yaş>70; ASA ≥ 3) xəstələrdə tövsiyyə olunurdu.

 

Yoğun bağısağın sağ yarısının şişləri zamanı müalicə taktikası

 

Sağ tərəfli obstruksiyalar zamanı adətən sağ hemikolektomiya və birincili anastomoz icra olunur. Əgər pasiyent qeyri-stabildirsə və anastomoz çatmamazlığı riski yüksəkdirsə (risk faktorları:  xroniki böyrək çatışmazlığı, qidalanma əksikliyi, immunosupressiya, ASA≥3, peritonit, şok vəziyyəti, sepsis və yayılmış peritoneal şiş xəstəliyi), müvəqqəti terminal ileostoma və kolonik mukoza fistulasının yaradılması və ya anastomoz qoyulması ilə birgə preventiv “loop” ileostomanın çıxarılması tövsiyə olunur.

 

Rezeksiya edilə bilməyən yoğun bağırsağın sağ yarısının xərçəngində terminal ileum və transverz kolon arasında yan-yana anastomoz (daxili “bypass”) və ya “loop” ileostoma formalaşdırıla bilər. Dekompressiv çekostomiyadan çəkinmək lazımdır.

 

Qeyri-stabil xəstələrdə sağ tərəfli obstruksiyalar zamanı sağtərəfli kolektomiya və terminal ileostomiya seçim əməliyyatı hesab edilir. Çox ağır qeyri-stabil xəstələrdə isə yalnız “loop”ileostomiya icra edilməlidir.

 

Obstruktiv kolon xərçənginin təcili müalicəsi üçün laparoskopik əməliyyatlar əsasən tövsiyə edilmir və yalnız ixtisaslaşmış mərkəzlərdə yüksək təcrübəli mütəxəsislər tərəfindən uyğun hallarda icra edilməsi məqbul sayılır.