Kəskin Qarın: Kəskin Yoğun Bağirsaq Keçməməzliyi Zamanı Müayinə və Müalicə Taktikası

Kəskin YBK olan xəstələrdə dəstəkləyici terapiyaya mümkün qədər erkən başlanmalıdır və bu terapiya venadaxili kristalloidlərin tətbiqini, zərurət yarandıqda antiemetiklərin verilməsini əhatə etməlidir. Əvəzləyici maye kimi izotonik dekstroza-duzlu kristalloid məhlullar və kalium əlavələri ilə zənginləşdirilmiş balanslaşdırılmış izotonik kristalloid məhlullar tövsiyə olunur; bunların həcmi xəstənin maye itkisinə uyğun olmalıdır.

 

Nazoqastrik aspirasiya həm diaqnostik, həm də terapevtik məqsədlərlə istifadə edilə bilər. Belə ki, fekalit tərkibli mədə aspiratı distal nazik bağırsaq və ya yoğun bağırsaq obstruksiyası üçün xarakterikdir və bu halda dəyərləndirici əhəmiyyət daşıyır. Eyni zamanda, nazoqastrik aspirasiya proksimal bağırsağı dekompressiya edərək aspirasiyon pnevmoniyanın qarşısının alınmasına kömək edir. Pasiyentin maye balansının qiymətləndirilməsi və sidik ifrazının monitorinqi üçün Foley kateterinin qoyulması tövsiyə olunur.

 

Müalicə taktikası bağırsaq obstruksiyasının səbəbindən, bağırsaq işemiyası şübhəsi  və perforasiya riskindən, həmçinin xəstənin ümumi vəziyyəti və yanaşı gedən xəstəliklərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Əsas müalicə strategiyası bağırsağın ilkin reanimasiyası və dekompressiyasına yönəlməlidir. Ağır və təhlükəli klinik əlamətləri olmayan xəstələrdə müalicə obstruksiyanın səbəbinə əsasən planlaşdırıla bilər.

 

Qapalı ilgək tipli mexaniki keçməməzliklər zamanı isə işemiya və perforasiya kimi  ağırlaşmaların qarşısının alınması və vaxtında idarə olunması üçün çevik və koordinasiyalı addımların atılması çox vacibdir. Peritonit, bağırsaq işemiyası, sepsis və şok təcili müdaxilə tələb edən vəziyyətlərdir (!). Xəstədə aşağıdakılardan hər hansı biri olarsa, o qeyri-stabil xəstə hesab edilməlidir: pH < 7,2; daxili bədən temperaturu < 35 °C; BE < − 8; laborator/kliniki təsdiqlənən koaqulopatiya; inotrop dəstəyin zəruriliyi də daxil olmaqla sepsis/septik şokun hər hansı əlamətləri. 

 

Peritonit, perforasiya və işemiya əlaməti olan xəstələr təcili qaydada cərrahi əməliyyata götürülməlidirlər. Belə təcili hallarda anesteziya induksiyası zamanı hemodinamik qeyri-sabitliyin qarşısını almaq üçün əməliyyatdan əvvəl ilkin reanimasiyon tədbirlərin aparıılması zəruridir. Adekvat (mütləq optimal olması vacib deyil) orqan perfuziyasını bərpa etmək və geniş spektrli antibiotik terapiyasına başlamaq üçün adətən bir neçə saat tələb olunur.

 

Qəbuldan sonrakı 6 saat ərzində mərkəzi venoz təzyiq 8-12 mm Hg, orta arterial təzyiq  ≥ 65 mm Hg və mərkəzi venoz oksigen saturasiyası (ScvO2) ≥70% hədəflərinə çatmaq üçün məqsədyönlü terapiyalardan istifadə edilməlidir. Bu məqsədlə həcm artırıcı infuziyalardan əlavə noradrenalin, adrenalin (dopaminin istifadəsi məhdudlaşdırılmalıdır) kimi vazoaktiv dərmanlara və ağır asidoz hallarında (pH < 7,15) qələviləşdirici preparatlara tələb yarana bilər.

 

Obstruksiya ilə müşayiət olunan, lakin perforasiya baş verməmiş, sistemik infeksiya əlamətləri olmayan hallarda infeksiyanın translokasiyası ehtimalına qarşı qoruyucu tədbir kimi anaerob və qram-mənfi mikroorqanizmləri əhatə edən antibiotik profilaktikası (24 saat) aparılmalıdır. Perforasiya zamanı isə geniş spektrli antibiotiklərlə müalicəyə daha erkən başlanması və bakterioloji müayinərin cavabları hazır olduqdan sonra korreksiya edilməsi tövsiyə olunur.

 

Antibiotik terapiyasının müddəti klinik əlamətlərdən və laborator göstəricilərdən (infeksiya mənbəyinin vəziyyəti, qızdırma, leykositoz, C-reaktiv protein, prokalsitonin) asılı olaraq adətən 4 ilə 7 gün arasında dəyişir.

Əməliyyat zamanı əsas məqsəd patoloji ocağın aradan qaldırılması − xəsər yerinin nəzarətə alınması (ing. “damage control”) olmalı, anatomik bərpa prosedurları isə fizioloji parametrlər normallaşana qədər təxirə salına bilən ikinci dərəcəli məqsədlər hesab edilməlidir. Sepsis mənbəyinə nəzarət etmək üçün tətbiq olunan cərrahi texnika yerli vəziyyətdən, əsas patologiyadan və fizioloji pozğunluğun dərəcəsindən asılı olur.

 

Xəstənin vəziyyəti qeyri-sabitdirsə, radikal müalicə təxirə salına bilər. Üzülmüş xəstələrə yalnız keçirə biləcəkləri əməliyyatlar icra edilməlidir. Bu əməliyyatlar texniki cəhətdən asan, tez yerinə yetirilən və həyat qurtarıcı olmalıdır.