Kəskin Qarın: Kəskin Yoğun Bağirsaq Keçməməzliyi Zamanı Müayinə və Müalicə Taktikası
Təlim haqqında
Bu təlim Davamlı Tibb Təhsili (DTT) proqramı çərçivəsində, Azərbaycanda zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə “Qlobal Cərrahiyyə 2030” təşəbbüsünün tərkib hissəsi kimi hazırlanmışdır. Təlim klinikalarımızda “Kəskin qarın” hallarının idarə olunmasına həsr edilmiş kliniki standartın bir bölməsini təşkil edir.
Yoğun bağırsaq keçməməzliyi (YBK) yoğun bağırsaq mənfəzində aboral axının kəsilməsi və ya tamamilə olmaması ilə xarakterizə olunan bir vəziyyətdir. Bu vəziyyət əksər hallarda hissəvi və ya tam mexaniki obstruksiya nəticəsində meydana gəlir.
YBK keçməməzlik hallarının təxminən 25%-ni təşkil edir, ancaq çox vaxt kolorektal xərçəngdən qaynaqlandığı üçün daha təhlükəlidir. Kolorektal xərçəng hallarının 30%-ə qədəri ilkin olaraq təcili vəziyyətdə özünü göstərir.
YBK səbəbiylə icra olunan təcili cərrahi əməliyyatlar yüksək ağırlaşma və 10-20%-lik perioperativ ölüm göstəricisi ilə səciyyələnir ki, bu da planlı əməliyyatlardakı göstəricilərdən (5%-dən az) xeyli yüksəkdir. Kolon perforasiyası mövcud olduğu təqdirdə ölüm göstəricisi 40%-ə qədər arta bilər.