Kəskin Qarın: Perforasiya Olunmuş Qastroduodenal Xoraların Müayinə və Müalicə Taktikası

Müasir klinik protokollara əsasən, peptik xoranın perforasiyasından şübhələnilən və kəskin qarın ilə müraciət edən xəstələrin diaqnostikasında ilkin olaraq kompüter tomoqrafiyası (KT) müayinəsinin aparılması tövsiyə olunur.

 

Əgər xəstə KT müayinəsinin əlçatan olmadığı periferik xəstəxana şəraitindədirsə və ya hər hansı digər səbəbdən bu müayinə mümkün deyilsə, ilkin mərhələdə rentgenoqrafiya (vertikal vəziyyətdə edilən köks qəfəsi və qarının düz rentgenoqrafiyası) aparılmalıdır. Bu tip rentgen müayinələri ilə perforasiya baş vermis xəstələrin təqribən 80%-ində diafraqma altında sərbəst havanın olmasını təyin etmək mümkün olur.  Ayaqüstə durması çətin olan peritonitli xəstələrdə rentgenoqrafiya sol lateral dekubit vəziyyətində həyata keçirilə bilər.

 

Rentgen müayinəsində sərbəst havanın vizualizasiyası boşluqlu orqan perforasiyasına dəlalət etsə də, pnevmoperitoneumun etiologiyasını (məsələn, perforə olunmuş peptik xora, neoplazma, divertikulit və ya tif/salmonelloz mənşəli enterit) müəyyən etmək üçün kifayət etmir.

 

Qeyd etmək lazımdır ki, rentgenoqrafiyada mənfi nəticə əldə olunması mümkün perforasiyanı tam istisna etmir. Belə hallarda nazoqastral zonddan suda həll olan kontrast maddənin verilməsi ilə aparılan əlavə görüntüləmə perforasiyanın aşkarlanmasına kömək edə bilər. Barium tərkibli kontrast müayinələr isə gastrointestinal perforasiya şübhəsi olan xəstələrdə əks göstərişdir və istifadə olunmamalıdır.

 

Aydın klinik anamnez və fiziki müayinədə peritonit əlamətləri müşahidə olunan xəstələrdə rentgen müayinəsində qarın boşluğunda sərbəst hava təsbit edildiyi halda, bu, cərrahi müdaxilənin əsaslandırılması üçün kifayət sayılır. Bununla yanaşı, klinik mənzərəsi yuxarı mədə-bağırsaq traktına uyğun gəlməyən və ya bədxassəli şiş ehtimalı olan xəstələrdə, rentgenoqrafiyada sərbəst hava aşkarlansa belə, əlavə KT müayinəsinə ehtiyac yarana bilər.

 

Yuxarıda qeyd edildiyi kimi, peptik xora perforasiyası şübhəsi və aydın peritonit əlamətləri olan, hemodinamik cəhətdən stabil xəstələrdə, əgər mümkün olarsa, ilkin görüntüləmə üsulu kimi KT müayinəsinin aparılması məsləhət görülür. Bu zaman şübhəli KT tapıntılarına səbəbi müəyyən edilməyən intraperitoneal maye, pnevmoperitoneum, bağırsaq divarında qalınlaşma, mezenterik piy toxumasında infiltrasiya və suda həll olan kontrast maddənin mənfəz xaricində izlənməsi daxildir.

 

Uzanmış vəziyyətdə aparılan KT zamanı, adətən, qarının ön divarının altında sərbəst hava müşahidə olunur. Havanın hər iki tərəfdə izlənməsi zamanı falciform ligament də görünə bilər. Periportal sahədə sərbəst havanın olması yuxarı mədə-bağırsaq traktı orqanlarının perforasiyası üçün xarakter hesab edilir və bu əlamət vasitəsilə yuxarı və aşağı perforasiyalar arasında differensiasiya aparmaq mümkündür. Bundan əlavə, KT müayinəsi differensial diaqnostika üçün əhəmiyyətli olan kəskin pankreatitin də inkar edilməsində mühüm rol oynayır.

 

KT müayinəsinin diaqnostik dəqiqliyi təqribən 98% təşkil edir və bu, onun sərbəst havanın aşkarlanmasında yüksək həssaslığa, perforasiyanın yerini və ölçüsünü müəyyən etmə imkanına, həmçinin digər mümkün etioloji faktorları istisna etmə xüsusiyyətinə əsaslanır. Əgər ilkin KT nəticələrində əhəmiyyətli patologiya aşkarlanmazsa, ağız yolu ilə və ya nazoqastrik zond vasitəsilə suda həll olan kontrast maddə verilərək üçqat kontrastlı KT müayinəsi aparıla bilər. Bu yanaşma diaqnostik həssaslıq və spesifikliyi daha da artırır.

 

Təcrübəli mütəxəssis tərəfindən həyata keçirildikdə, xəstənin yatağı yanında aparılan ultrasəs müayinəsi (USM) ilə də qarın fassiyası altında sərbəst havanı aşkar etmək mümkündür. Lakin bu metodun perforasiya olunmuş peptik xoraların diaqnostikasında rolu hələ də tam müəyyənləşdirilməmişdir.