Qastroduodenal peptik xora termini, mədə və ya onikibarmaq bağırsağın proksimal hissəsinin selikli qişasının tamlığının pozulması ilə xarakterizə olunan, muscularis mucosae qatını keçərək submukoza və ya daha dərin qatlara qədər yayıla bilən tipik zədələnməni ifadə edir. Bu patoloji vəziyyət kəskin və ya xroniki formada təzahür edə bilər və əsasən selikli qişanı qoruyan amillərin azalması, aqressiv (zədələyici) amillərin artması və ya hər ikisinin birlikdə təsiri nəticəsində yaranır.
Qoruyucu amillərə selik ifrazı, bikarbonat sekresiyası, adekvat qan axını, hüceyrə yenilənməsi, böyümə faktorları və endogen prostaglandinlər aiddir. Aqressiv amillər isə xlorid turşusu və pepsin ifrazı, alkoqol qəbulu, siqaret istifadəsi, duodenal öd reflüksü, işemiya, qeyri-steroid iltihabəleyhinə dərmanlar (QSİƏD), aspirin, hipoksiya, stress və ən başlıcası Helicobacter pylori infeksiyasıdır.
- pylori infeksiyası, həm mukozal müdafiə mexanizmlərini zəiflətməklə, həm də turşu hipersekresiyasını stimullaşdırmaqla xoranın inkişafında mühüm rol oynayır. Ulserativ proses dərinləşdikcə seroz qata çataraq onun tamlığını poza bilər ki, bu da perforasiya ilə nəticələnir və mədə möhtəviyyatının qarın boşluğuna tökülməsinə səbəb olur.
Xora perforasiyası daha çox duodenumun birinci hissəsinin ön divarında və mədənin kiçik əyriliyi boyunca yerləşən xoralar zamanı müşahidə olunur. Duodenumun arxa divarında yerləşən xoralar isə nadir hallarda sərbəst qarın boşluğuna deyil, retroperitoneal sahəyə perforasiya edə bilər.
Əvvəldə qeyd olunduğu kimi, xora formalaşmasında qoruyucu və aqressiv faktorlar arasındakı disbalans mühüm rol oynasa da, bəzi xəstələrdə perforasiya baş verərkən digərlərində bu halın niyə müşahidə olunmaması hələ də tam aydınlaşdırılmamışdır. Eyni zamanda, niyə bəzi xəstələrdə kiçik ölçülü və yatağı olmayan xoraların, digərlərində isə bir neçə santimetrlik böyük, dərin yatağı olan xoraların perforasiya etməsi ilə bağlı inandırıcı elmi izahlar mövcud deyil.
Xora perforasiyalarının daha çox səhər saatlarında baş verməsi, mədədə turşu istehsalının sirkad ritmə uyğun dəyişməsi ilə əlaqələndirilir. Oruc tutan şəxslərdə də perforasiya riskinin artması turşu faktorunun təsiri ilə izah olunur. Xüsusilə Zollinger-Ellison sindromu (qastrinoma) kimi turşu ifrazının artdığı hallarda perforasiya riski əhəmiyyətli dərəcədə yüksəlir. Bundan əlavə, xora perforasiyası bariatrik cərrahiyyə əməliyyatlarından sonra, “crack”- kokain və amfetamin istifadəsi fonunda, həmçinin angiogenez inhibitoru olan bevasizumabla aparılan kimyaterapiyadan sonra da müşahidə oluna bilər.
Perforasiya baş verdikdə ilk olaraq mədə və onikibarmaq bağırsaq möhtəviyyatının periton boşluğuna yayılması nəticəsində güclü bir iltihabi cavab reaksiyası və kimyəvi peritonit inkişaf edir. Növbəti saatlarda isə bu vəziyyətə bakterial peritonit əlavə olunur və proses irinli peritonitə qədər proqressivləşir. Geniş yayılmış iltihab və infeksiya, vaxtında və adekvat müalicə olunmadıqda, Sistemli İltihabi Cavab Sindromuna (SIRS), daha sonra isə sepsis və poliorqan çatmamazlığına səbəb ola bilir.