Kəskin Qarın: Perforasiya Olunmuş Qastroduodenal Xoraların Müayinə və Müalicə Taktikası
Təlim haqqında
Bu təlim Davamlı Tibb Təhsili (DTT) proqramı çərçivəsində, Azərbaycanda zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə “Qlobal Cərrahiyyə 2030” təşəbbüsünün tərkib hissəsi kimi hazırlanmışdır. Təlim klinikalarımızda “Kəskin qarın” hallarının idarə olunmasına həsr edilmiş kliniki standartın bir bölməsini təşkil edir.
Peptik xora xəstəliyi (PXX) dünyada geniş yayılmış mədə-bağırsaq sistemi patologiyalarından biridir. İllik insidens göstəricisi təxminən 0,1–0,3% arasında dəyişən bu xəstəliyin əhali arasında ömür boyu rastgəlmə tezliyi 5–10% təşkil edir. Son 30 il ərzində müasir müalicə üsullarının, xüsusilə proton pompası inhibitorlarının və Helicobacter pylori-yə qarşı terapiyanın tətbiqi nəticəsində xəstəliyin ümumi yayılma tezliyində, hospitalizasiya və letallıq göstəricilərində əhəmiyyətli azalma müşahidə edilsə də, xəstələrin 10–20%-də rast gəlinən ağırlaşmalar bu gün də mühüm səhiyyə problemi olaraq qalmaqdadır.
Bu ağırlaşmaların 2–14%-ni (bəzi mənbələrə görə 5–20%) perforasiyalar təşkil edir. Peptik xora xəstəlyi olan şəxslərdə perforasiyanın ömür boyu meydana çıxma riskinin təxminən 5% olduğu bildirilir. Perforasiya, ağırlaşmalar arasında qanaxmaya nisbətən daha az rast gəlinən, lakin daha çox təcili cərrahi müdaxilə tələb edən və yüksək letallıq səviyyəsi (1,3–20%) ilə səciyyələnən bir klinik vəziyyətdir. Bəzi tədqiqatların nəticələri 30 günlük ölüm göstəricisinin 20%-ə, 90 günlük ölüm göstəricisinin isə 30%-ə çatdığını göstərmişdir. Digər bir məlumata görə, perforasiya peptik xora mənşəli ölüm hallarının 37%-nə səbəb olur.
Perforativ xoralarının müalicəsində uğurlu nəticənin əldə olunması, erkən diaqnostika, zəruri hallarda reanimasion tədbirlərin həyata keçirilməsi, adekvat antibakterial terapiyanın tətbiqi və vaxtında icra olunan cərrahi müdaxilə ilə birbaşa əlaqəlidir.