Kəskin Qarın: Kəskin Yoğun Bağirsaq Keçməməzliyi Zamanı Müayinə və Müalicə Taktikası

Sigmoid volvulus zamanı müalicə taktikası

 

Sigmoid volvulus zamanı klinik və / və ya radioloji olaraq bağırsaq işemiyası, yaxud perforasiya şübhəsi olmayan xəstələrdə endoskopik dekompressiya uğurla (65-90% hallarda effektiv) həyata keçirilə bilən müalicə üsuludur (mütəxəsis və texniki şərtlər mövcud olarsa); bu zaman burulmanın baş verdiyi nöqtədən proksimalda rektal borunun yerləşdirilməsi ilə sərt və ya elastik sigmoidoskopdan, yaxud kolonoskopiyadan istifadə olunur.

 

Dekompressiya borusu adətən 1-3 gün saxlanılır. Endoskopik dekompressiya uğurlu olduqda yüksək təkrarlanma riski (40-75%) səbəbilə planlı qaydada, ən yaxın vaxtda sigmoid rezeksiyası və birincili anastomozun qoyulması əmliyyatı məsləhət görülür. Qeyri-rezeksion cərrahi əməliyyatlar (detorsiya, sigmoidoplastika və mezosiqmoidoplastika) volvulusun residivi (18-48%) baxımından sigmoidektomiyadan az effektiv olduğu üçün onlardan çəkinilməsi tövsiyyə olunur. 

 

Endoskopik dekompressiya nəticə verməyən və ya icrası mümkün olmayan, həmçinin bağırsaq işemiyası və ya perforasiyası əlamətləri olan xəstələrdə təcili cərrahi müdaxilə edilməlidir. Təcili əməliyyatın həcmi bağırsağın rezeksiyasını, distal güdülün qapadılması və proksimal kolonun uc kolostoma şəklində çıxarılmasını (Hartman əməliyyatı) əhatə edir.

 

İşemiyaya uğramış bağırsağın rezeksiyası endotoksinlərin, bakteriyaların  və kaliumun qana keçməsinin və təsadüfi perforasiyanın qarşısını almaq üçün detorsiya olunmadan, minimal manipulyasiya ilə aparılmalıdır. 

 

▪ Son zamanlar siqmoid volvuluslarında da şiş mənşəli distal yoğun bağırsaq keçməməzliklərində olduğu kimi, anastomoz çatmamazlığı riski olmayan xəstələrdə kolonik  irriqasiyadan / lavajdan və ya manual dekompressiyadan sonra birincili anastomoz qoyulmasının ikincili anaztomoz əməliyytaları ilə oxşar nəticələr verdiyi bildirilir və icra edilməsi məqbul variant hesab edilir.

 

Sigmoid volvulusu ilə paralel meqakolonu olan, xroniki qəbizlikdən, kolonik disfunsiyadan əziyyət çəkən xəstələrdə sigmoidektomiyanın tək başına kifayət etmədiyi, yoğun bağırsağın qalan seqmentlərinində burulmanın təkrarlanma meyli olduğu üçün subtotal kolektomiya aparılması məsləhət görülür.

 

Çekal volvulus zamanı müalicə taktikası

 

Çekal volvulus adətən daha təcili müdaxilə tələb edir. Çox az hallarda, cərrahi müdaxilə zamanı bağırsağı həyat qabiliyyəti normaldırsa, detorsiya və fiksasiya (çekopeksiya) etməklə keçinmək olur və onun da residiv riski yüksəkdir. Çekostoma qoyulması az invaziv olsa da, rezeksiya ilə  müqayisədə yüksək ölüm və ağırlaşma riski daşıyır. Həyat qabiliyyəti olmayan və ya perforasiya olunmuş bağırsağı olan xəstələrdə rezeksiya lazımdır.

 

Rezeksiya həmçinin, əməliyyat üçün uyğun olan və bağırsağı həyat qabiliyyətini saxlamış xəstələr üçün də ilk növbədə ediləcək müdaxilədir. Əgər xəstədə anastomoz çatmamazlığı riski (məsələn, geniş qanqrena, perforasiya, peritonit, sepsis, hipotenziya, şok vəziyyəti, xroniki böyrək çatışmazlığı, immunosupressiya, ASA ≥ 3 və s.) yoxdursa, rezeksiya və birbaşa anastomoz mümkündür. Risk olan xəstələrə isə kolonun mukoza fistilası ilə və ya onsuz terminal ileostoma qoyula bilər.