Qarının düz icmal rentgenoqrafiyası − Kəskin bağırsaq keçməməzliyinin ilkin diaqnostikasında düz qarın rentgenoqrafiyası (arxasıüstə və vertikal vəziyyətdə) geniş istifadə olunan, sürətli aparılan (xüsusən qeyri-stabil xəstələrdə) və əlçatan görüntüləmə metodudur.
Bu müayinə keçməməzliyin mövcudluğunu, yoğun və ya nazik bağırsaq xarakterli olduğunu, obstruksiyanın lokalizasiyasını (sağ və ya sol tərəfli) və bağırsaq genişlənməsinin dərəcəsini, eləcə də ağırlaşmaları müəyyən etməyə kömək edir. Bağırsaq keçməməzliyi zamanı bağırsaq obstruksiyasının proksimalında genişlənmə (çekumda > 9 sm, yoğun bağırsağın digər yerlərində > 6 sm), distal hissədə isə qazın olmaması və ya azalması müşahidə olunur.
Vertikal və ya lateral dekubitus vəziyyətində çəkilmiş rentgenoqrafiyalarda dilatə olunmuş bağırsaq hissələrində hava-maye səviyyələri görünə bilər (hava-maye səviyyələrinin mövcudluğu keçməməzliyin daha kəskin olduğunu göstərir). Görüntülər dolayı yolla ileo-çekal qapağın funksional vəziyyəti haqqında da məlumat verir: qapağın qeyri-funksional vəziyyətində kəskin nazik bağırsaq keçməməzliyinə bənzər əlamətlər, qapalı qaldığı hallarda isə yalnız yoğun bağırsağa aid dilatasiya müşahidə edilir.
Bu rentgenoqrafiyalar keçməməzliyin mövcudluğunu və dərəcəsini göstərə bilsə də, çox vaxt onun əsas səbəbini müəyyən etmək üçün kifayət etmir. Lakin müşahidə edilən bir çox əlamətlər volvulusların diaqnostikasında çox xarakterikdir: çekum volvulusu tipik olaraq aşağıya və sağa baxan “vergül” şəklində, sigmoid volvulus isə təpə hissəsi sağ üst kvadranta baxan, “qəhvə dənəsi” şəklində görünür və genişlənmiş sigmoid bağırsaq transvers kolondan yuxarıya doğru yerini dəyişir (“şimal ekspozisiyası” əlaməti).
Kontrastlı imalə ilə çəkilmiş şəkillərdə “quş dimdiyi” əlaməti aşkar olunur. Sigmoid volvulus zamanı 57–90%, çekal volvulus zamanı isə 26-75% hallarda rentgen müayinəsi ilə diaqnoz qoyula bildiyi qeyd edilir.
Vertikal və ya sol lateral dekubit vəziyyətində çəkilmiş düz rentgenoqrafiyalar həmçinin intestinal pnevmatoz, porta-venoz qaz və pnevmoperitoneum kimi ağırlaşmaları aşkar etməyə imkan verir.
Radioloq və klinisistlər üçün ən böyük problemlərdən biri abdominal rentgenoqrafiyalarda bağırsağın diffuz şəkildə genişlənməsinin (≥ 6 sm) səbəbini müəyyən etməkdir. Mexaniki tutulma olmadan kolonik genişlənmə adinamik ileus, yoğun bağırsağın kəskin psevdo-obstruksiyası (Ogilvie sindromu) və toksik megakolon nəticəsində meydana çıxa bilər.
İlk iki vəziyyət kolonik genişlənmə, haustrasiyanın qorunması, hamar daxili divar konturu və normal bağırsaq divarı qalınlığı ilə xarakterizə olunur. Adinamik ileusda eyni zamanda nazik bağırsağın da genişlənməsi müşahidə edilir. Bu hallarda adətən genişlənmiş bağırsaqlarda minimal miqdarda maye olur. Müayinə zamanı hava-maye səviyyələrinin aşkar edilməsi obstruksiya şübhəsini artırmalıdır. Toksik megakolon əsasən bağırsaq divarının qalınlaşması, haustrasiyanın itməsi və seqmentar divar nazilməsi ilə seçilir.
Çekum genişlənməsi həm mexaniki, həm də funksional keçməməzliklər zamanı müşahidə edilə bilər. Rektumda qazın olması mexaniki bağırsaq keçməməzliyini istisna etmir, lakin onun açıq-aşkar genişlənmiş olması funksional ileusa işarədir. Üzüstə və ya sağ lateral dekubit proyeksiyada çəkilmiş rentgenoqrafiyalar da mexaniki kəskin bağırsaq keçməməzliyini istisna etməkdə yardımçı ola bilər: psevdo-obstruksiya halında qaz distal kolona hərəkət edə bildiyi üçün müqayisəli şəkillərdə bağırsağın dekompresiyası müşahidə edilir.
Suda həll olan kontrast maddə ilə imalə sonrası aparılan rentgen müayinəsi psevdo-obstruksiyanın diaqnostikasında çox informativ üsuldur.
Kompüter tomoqrafiyası (KT) − kəskin bağırsaq keçməməzliyinin (YBK) səbəbini və eləcə də ağırlaşmaları müəyyən etmək üçün KT ən uyğun görüntüləmə üsulu hesab edilir. YBK diaqnozu adətən keçid zonasından proksimalda yerləşən genişlənmiş və obstruksiyadan distal nahiyədə dekompressiya olunmuş bağırsaq əsasında qoyulur.
Keçid zonasının mövcudluğu YBK diaqnozu üçün etibarlı əlamət sayılır. İntravenoz kontrast maddənin tətbiqi həm kütlənin mövcudluğunu, həm də iltihab əlamətləri və bağırsaq divarının işemiyasını müəyyən etməyə kömək edir. Per oral kontrast maddə verilməsi isə kəskin qarın ağrısı hallarında mübahisəli məsələdir, əksgöstəriş olduğu belə qeyd edilir.
Əgər YBK diaqnozu ilə bağlı qeyri-müəyyənlik davam edərsə, obstruksiyanın daha dəqiq sənədləşdirilməsi məqsədilə rektal yeridilən su əsaslı kontrast maddədən istifadə oluna bilər.
Kolon karsinomasının KT əlamətlərinə yoğun bağırsağın divarının asimmetrik və qısa seqmentli qalınlaşması və ya yoğun bağırsaqda yerləşərək bağırsağın mənfəzini daraldan, kontrast tutan yumşaq toxuma kütləsi daxildir. Bu xəstələrdə KT həmçinin lokal və regional metastazların aşkarlanmasında əlavə üstünlük təmin edir.
KT skanoqramında sigmoid volvulus üçün xarakterik əlamətlərə düz bağırsaqda qazın olmaması, tərsinə çevrilmiş “U” işarəsi və “qəhvə dənəsi” əlamətləri, kəsik görüntülərdə isə sigmoid kolonda tək keçid nöqtəsinin və qeyri-mütənasib genişlənmənin izlənməsi daxildir.
Çekal volvulusda isə KT görüntülərində adətən qeyri-normal mövqedə (çox vaxt sol yuxarı kvadrantda) yerləşmiş və dilatasiya olunmuş çekum, eləcə də ileo-çekal qapağın yerdəyişməsi müşahidə edilir. Həm sigmoid, həm də çekal volvulus zamanı izlənə bilən “burulğan” əlaməti xarakterik tapıntıdır və hər iki halda burulma nöqtəsində “quş dimdiyi” görünüşü müşahidə oluna bilir.
KT müayinəsində divertikulit adətən bədxassəli lezyonlardan daha uzun seqmentdə (≥ 10 sm) görünən simmetrik bağırsaq divarı qalınlaşması ilə xarakterizə olunur. Perikolonun iltihabı və yağ toxumasında çəkintilər divertikulitin əlamətləri hesab edilir. Şiddətli iltihab zamanı intramural və ekstramural abseslər, perforasiya baş verdikdə isə pnevmoperitoneum müşahidə oluna bilər.
İnvaginasion YBK zamanı rentgenoqrafiyalar yalnız bağırsaq keçməməzliyinin mövcudluğunu göstərə bildiyi üçün diaqnostikada KT müayinəsi xüsusilə əhəmiyyətlidir.
Kəskin YBK və YBKPO-nun differensiasiyasında çətinlik yaranan hallarda KT yoğun bağırsağın ümumi vəziyyətini qiymətləndirmək və mexaniki keçməməzlik üçün xarakterik olan keçid zonasının olub-olmamasını müəyyənləşdirmək baxımından yüksək informativliyə malikdir.
Kolonik Kron xəstəliyinin KT müayinəsində müşahidə olunan tapıntılar arasında divar qalınlaşması, mənfəzin daralması ilə yanaşı, stenoz öncəsi genişlənmə və zədələnmiş bağırsaq hissəsini qanla təmin edən vasa rektanın genişlənməsi yer alır. Divarın qatlaşması və selikli qişanın kontrast tutulumunun artması aktiv iltihabı, divarın homogen zəyifləməsi isə daha xroniki, fibrotik stenozu göstərir. Kolonik Kron xəstəliyinin digər KT tapıntıları abseslər və fistullardır.
Fekal tıxanma zamanı KT müayinəsində genişlənmiş yoğun bağırsağın distal hissəsində yerləşən böyük miqdarda nəcisin müşahidəsi xarakterikdir. Bitişmə mənşəli YBK-da isə, kəskin nazik bağırsaq keçməməzliyində olduğu kimi, KT müayinəsində aşkar səbəb olmadan kolonun obstruksiyası görünür.
Ultrasəs müayinəsi (USM) – xüsusilə təcili yardım şəraitində YBK-nın diaqnozunda qarın boşluğunun rentgenoqrafiyası kimi ilkin, skrininq xarakterli görüntüləmə üsuludur. Təcrübəli həkim tərəfindən aparıldıqda həssaslığı qarın rentgenindən yüksək, spesifikliyi isə eynidir.
Bu üsul. genişlənmiş, maye ilə dolu bağırsaq ilgəklərini, divar qalınlaşmasını və artmış peristaltikanı aşkar etməkdə, eyni zamanda, obstruksiyanın səbəbini və işemiyə və ya perforasiya kimi potensial ağırlaşmaları da qiymətləndirməkdə faydalıdır.
Yataq başında aparıla bilən ultrasəs müayinəsi sürətli və əlçatan olduğuna görə kritik vəziyyətdə olan pasiyentlər üçün üstünlük təşkil edir. Xəstənin yerindən hərəkət etdirilməsinə ehtiyac olmadığından əlavə stres və risklərə səbəb olmur, həmçinin rentgen və KT kimi metodlardan fərqli olaraq şüalanma yaratmır. Müayinənin dəqiqliyinin operatorun bacarıq və təcrübəsindən asılı olması, piylənmə və ya bağırsaqda həddindən artıq qaz olmasının bağırsaq ilgəklərinin aydın şəkildə görünməsini çətinləşdirə bilməsi üsulun məhtudiyyətləri hesab edilir.
Maqnit rezonans tomoqrafiyası (MRT) − Uşaqlarda və hamilə qadınlarda ionlaşdırıcı şüa yükündən çəkinmək üçün maqnit rezonans görüntüləməsi bağırsaq obstruksiyası zamanı kompüter tomoqrafiyasına alternativ olaraq tətbiq edilə bilər.
Kolonoskopiya
Bu müayinə üsulunun YBK – nın diaqnostikasında rolu məhduddur. Adətən stabil və perforasiya riski olmayan xəstələrdə bədxassəli şişdən şübhələnildiyi hallarda, təcili cərrahi müdaxilənin planlaşdırılmadığı və ya endoskopik stentin yerləşdirilməsinin nəzərdə tutulduğu vəziyyətlərdə biopsiya ilə birgə həyata keçirilir. Bu zaman uzunmüddətli şişkinlik və qarın ağrısı kimi narahatlıqların qarşısını almaq məqsədilə, ənənəvi hava insuflyasiyasına nisbətən daha sürətlə sorulan karbon dioksid (CO₂) insuflyasiyası daha məqbul alternativ hesab edilir.