Əlamətlər – YBK zamanı meydana çıxan əlamətlər obstruksiyanın etiologiyası və anatomik yerindən asılı olur. Xəstəliyin klinikası obstruksiyanın dərəcəsinə uyğun olaraq kəskin və ya yarımkəskin şəkildə təzahür edir. Ümumən, bu əlamətlərə əvvəlcə tutma şəkilli, hiperperistaltikadan yaranan sancılar tipində, daha sonra isə azalmış peristaltika və dilatasiyadan irəli gələn davamlı ağrılar şəklində (güclü daimi ağrılar işemiyanın təzahürü ola bilər!) təzahür edən qarın ağrısı, qarında köp, nəcis və qazların xaric olmamaması / xaric olmasının çətinləşməsi, ürəkbulanma və qusma (nazik bağırsaq keçməməzliyinə nisbətən az müşahidə edilir, ileoçekal qapağın yetərsiz olduğu xəstələrdə meydana çıxır) aiddir.
İleoçekal qabaq bağlı qalan xəstələrdə yoğun bağırsağın sağ yarısına uyğun – sağ qalça nahiyyəsində getdikcə artan ağrı müşahidə edilir. Analgeziklərlə keçməyən intensiv ağrılar işemiya (burulma) və ya perforasiya zamanı müşahidə edilə bilir. S-ə bənzər bağırsağın divertikuliti nəticəsində meydana çıxan keçməməzlik zamanı sol aşağı kvadrantda ağrılar və hərarətin yüksəlməsi ola bilir. Davamlı taxikardiya, qızdırma, qarında ağrı və/və ya həssaslıq oaln xəstələrdə bağırsaq perforasiyasından şübhələnmək lazımdır!
Tarixcə − Sonuncu stul və bağırsaq qazının xaric olma vaxtı barədə soruşulmalıdır. Anamnezində abdominal əməliyyatlar, xüsusən çanaq əməliyyatları − ginekoloji əməliyyatlar, appendektomiya, kolorektal rezeksiyalar keçirmiş olması (bitişmə mənşəli NBK-ə işarə edə bilər), bəd xassəli şiş olması, radioterapiya alması, Kron xəstəliyinin və qarın divarı yırtığıının olması, divertikulit keçirməsi, xroniki qəbizliyinin (dolixosiqma) olması keçməməzliyin səbəbi haqqında ilkin fikir yarada bilər.
Simptomların qəfil başlaması kəskin obstruktiv hadisəni (məsələn, volvulus) daha ehtimal olunan diaqnoz edir. Bağırsaq vərdişlərində dəyişikliklə müşayiət olunan daha uzun anamnez isə onkoloji xəstəliyi düşündürür. Anamnezində əvvəllər qanlı nəcis və rektumdan qan gəlməsi şikayəti bağırsaq xərçəngi ilə əlaqəli ola bilər. Fekal impaksiya (nəcis tıxanıqlığı) əsasən xroniki qəbizlikdən əziyyət çəkən, xroniki xəstəliklərə və psixiatrik problemlərə görə dərmanlar qəbul edən şəxslərdə müşahidə olunur. Peristaltikaya təsir edə biləcək belə dərmanların qəbulu psevdo-obstruksiya və adinamik ileusla da əlaqəli ola bildiyindən differensial diaqnoz üçün əhəmiyyətlidir.
Fiziki müayinələr – İnspeksiya zamanı qarın köpməsi (distensiya) kimi keçməməzliyin əsas əlamətlərdən biri aşkarlana bilir. Anormal həyati vacib əlamətlər və ya pasiyentin ümumi görünüşü, o cümlədən üz ifadəsi, dərinin rəngi və temperaturu, eləcə də şüurun pozulması pasiyentin kritik vəziyyətdə ola biləcəyi barədə xəbərdarlıq edir.
Xəstələrdə baş verən dehidrotasiya dəri turqorunun azalması, selikli qişalarda quruluq şəklində özünü göstərir. İnspeksiya zamanı həmçinin postoperasion çapıqlar və ya yerinə qayıtmayan, üzərindəki dəri örtüyünün qızarması, tündləşməsi olan yırtıqlar təyin edilə bilir. Auskultasiya – başlanğıcda hiperperistaltika küyləri, getdikcə isə zəifləmiş və ya eşidilməyən bağırsaq səsləri təyin edilir. Palpasoiya – vəziyyətdən asılı olaraq ağrı, əllənən kütlə, ağrılı həssaslıq və əzələ gərginliyi təyin edilə bilir.
Sonuncular peritonit və stranqulyasiyanın olmasına işarə edir. Perkussiya – qazla dolu bağırsaq ilgəkləri üzərində timpanit təyin edilir. Digital rektal müayinə bağrsağın boş olmasını, bərkləşmiş nəcis kütləsi, qan izləri və ya rektal törəmə aşkar etmək üçün faydalı ola bilir. Qan izlərinin olması maliqn xəstəlik, invaginasiya və ya bağırsaq infarktı haqda düşündürməlidir.
Laborator analizlər – Müayinələrin nəticələri spesifik deyil, baş vermiş patoloji dəyişiklikləri əks etdirir: QÜA – da Hb↑, Hct↑ – dehidrotasiya; leykositoz və CRP↑– bakterial translokasiya/SİRS; elektrolitlər – qusma nəticəsində K↓,Cl ↓; böyrək funksiyası testləri – dehidrotasiya nəticəsində ktretatinin↑ və BUN↑; qan qazları – qusma nəticəsində alkoloz, işemiya nəticəsində laktik asidoz; stranqulyasiya, bağırsaq işemiyası – laktat ↑, amilaza↑, kreatin fosfokinaza ↑, leykositoz və CRP↑.