Sol Qalça Çuxurunda Ağrı / Kəskin Divertikulit Şübhəsi Olan Xəstələrdə Müayinə və Müalicə Taktikası

Aşağıdakı kriteriyalara uyğun gələn xəstələrin müalicəsinin stasionar şəraitdə aparılması məsləhət bilinir:

 

▪  Diqqət çəkən yanaşı xəstəlikləri olan xəstələr (son orqan zədələnməsi ilə müşayiət olunan şəkərli diabet, kəskin miokard infarktı da daxil olmaqla, yaxın zamanda keçirilmiş kardiovaskulyar xəstəlik hadisəsi);

 

▪  İmmun sistemi zəifləmiş xəstələr (transplantasiya olunmuş, bədxassəli şiş xəstəliyi olan, kimyaterapiya, xroniki kortikosteroid terapiyası və digər immunosupressiv terapiyalar alan, xroniki böyrək çatışmazlığı olan xəstələr);

 

▪  Per os qidalana bilməyən xəstələr;

 

▪  Sepsis və ya Sistemik İltihabi Cavab Sindromuna işarə edən bu göstəricilərdən iki və ya daha çoxunun mövcudluğu: hərarət > 38⁰ C və ya < 36⁰ C; puls > 90; tənəffüsün sayı > 20; leykosit sayı > 12.0 x 109/L və ya < 4.0 x 109/L; CRP > 150 mq /L;

 

▪  Klinik və radiloji olaraq ağırlaşmış divertikulitə xas olan əlamətlərin mövcudluğu (perikolik hava qabarcıqları, formalaşan abses və ya fistula əlamətləri, sərbəst perforasiya, yayılmış peritonit, bağırsaq obstruksiyası).