Sol Qalça Çuxurunda Ağrı / Kəskin Divertikulit Şübhəsi Olan Xəstələrdə Müayinə və Müalicə Taktikası

Rəhbərlik xarakterli tösiyələrdə divertikulitin ilkin diaqnostikası zamanı yalnız klinik dəyərləndirmələrə əsaslanmağın yetərli olmadığı və bunun yalnış diaqnoza yol aça biləcəyi göstərilir. Xüsusilə, daha əvvəl divertikulit diaqnozu təyin edilməmiş xəstələrdə qəti diaqnozun  təsdiqlənməsi üçün iltihabi prosesin radioloji olaraq müəyyən edilməsinin zəruriliyi vurğulanır.

 

Kompüter tomoqrafiyası (KT) Divertikulit şübhəsi olan xəstələrdə ilk seçim olaraq qarın boşluğunun kontrastlı kompüter tomoqrafiyası (KT) məsləhət görülür. Bu müayinə yüksək həssaslıq və spesifiklik səviyyəsinə malik olduğuna görə divertikulitin diaqnostikasında “qızıl standart” sayılır. KT, eyni zamanda, yumurtalıq patologiyaları, qanayan aorta və ya qalça arteriyası anevrizmaları kimi digər diaqnozları da istisna etməyə imkan verir. Divertikulitli xəstələrdə KT zamanı müşahidə oluna biləcək əlamətlərə divertikulyoz fonunda kolon divarının qalınlaşması, piy toxumasında xətti kölgələnmələr və bulanıqlıq, fleqmona, bağırsaq mənfəzindən kənarda qaz toplanması, abses və ya qarın daxilində sərbəst maye yığılması daxildir.

 

KT görüntüləməsi yalnız diaqnostik məqsədlərlə deyil, həm də xəstəliyin ağırlıq dərəcəsinin müəyyən edilməsi və ona uyğun müalicə strategiyasının seçilməsi baxımından əhəmiyyətlidir (cədvəl 7, 8). Bundan əlavə, KT müalicəyə cavab verməyən, eləcə də çoxsaylı residivlər səbəbilə cərrahi müdaxilə planlaşdırılan xəstələrdə diaqnozun dəqiqləşdirilməsi və patologiyanın lokalizasiyasının müəyyənləşdirilməsi məqsədilə də istifadə olunur.

 

Qarının düz rentgen müayinəsi – Kəskin divertikulitin diaqnostikasında qarın rentgenoqrafiyası informativ üsul olmadığından istifadə edilmir. Bununla belə, perforasiya və ya bağırsaq obstruksiyası kimi ağırlaşmalardan şübhələnildiyi hallarda ilkin qiymətləndirmə məqsədilə tətbiq oluna bilər. Barium imaləsi ilə aparılan rentgenoqrafiyalar isə həm divertikulyar perforasiya riski, həm də KT – nin müqayisədə daha yüksək diaqnostik dəqiqliyə malik olması səbəbilə, hazırda kəskin divertikulit hallarında tövsiyə olunmur.

 

Ultrasəs müayinəsi (USM) Ultrasonoqrafiya asan əlçatan, radiasiya və kontrast maddə istifadəsi ilə əlaqədar riskləri olmayan, geniş yayılmış bir görüntüləmə üsuludur. Təcrübəli mütəxəssis tərəfindən aparıldığı təqdirdə, kəskin divertikulit şübhəsi olan xəstələrin ilkin qiymətləndirilməsində faydalı ola bilər. USM nəticələri neqativ və ya qeyri-müəyyən olduğu hallarda, mərhələli yanaşma çərçivəsində kompüter tomoqrafiyasının aparılması təhlükəsiz və məqsədəuyğun hesab edilir. Bununla belə, müayinənin nəticələrinin mütəxəsisin təcrübə və bacarığından asılı olması, piylənməsi olan xəstələrdə vizualizasiyanın zəifliyi, sərbəst qaz və dərin abseslərin aşkarlanmasında çətinliklər USM-in əsas məhdudiyyətləri kimi göstərilir.

 

Maqnit rezonans tomoqrafiyası (MRT) təcili şəraitdə tətbiqi çətin olan və hazırda kəskin divertikulitin diaqnostikasında geniş şəkildə tövsiyə edilməyən bir görüntüləmə üsuludur. Bununla belə, yüksək diaqnostik həssaslığa malikdir və USM-dən fərqli olaraq mütəxəsisin təcrübə və bacarığından az asılıdır. Həmçinin, KT ilə müqayisədə kontrast maddəyə qarşı allergiya və ya nefropatiya riski daşımır və radiasiya təhlükəsi yoxdur. Bu səbəbdən bəzi beynəlxalq cəmiyyətlər MRT-ni müəyyən hallarda istifadə edilə biləcək alternativ kimi qiymətləndirirlər.

 

Endoskopiya Kəskin divertikulit zamanı kolonoskopiyanın aparılması əks göstərişdir. Müayinə zamanı yoğun bağırsağın genişlənməsi perforasiyanın ağırlaşmasına səbəb ola bilər. Lakin diaqnozu təsdiqləmək və digər mümkün səbəbləri, xüsusilə kolorektal xərçəngi istisna etmək məqsədilə iltihabi proses söndükdən sonra (kəskin iltihabın başlamasından 48 həftə sonra) endoskopik müayinə aparılması tövsiyə edilir.